Günə 50-70 xəstə qəbul etmişik - Cəfər Nəsirli

12:26 16.02.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bu pay mənim üçün o qədər dəyərli idi ki, bəlkə əvəzində kilolarla qızıl gətirsəydilər, o qədər qiymətli olmazdı

Qarabağın işğalından uzun zaman keçsə də, qəlbimizdəki yaranın nə qanı dayandı, nə də o yara qaysaq bağladı. 27 sentyabr günü isə düşmən xislətinə uyğun yenə, dinc əhalini hədəfə aldı. Bu dəfə daha son idi. “Qarabağ Azərbaycandır!” dedik, Ali Baş Komandanın “İrəli!” əmrinə hamılıqla qoşulduq.

Düşmənlə üz-üzə səngərdə şanlı Azərbaycan Ordusu, arxa cəbhədə isə xalq dayandı. 44 gün davam edən Vətən müharibəsinin əvəzsiz qəhrəmanlarından biri də məhz həkimlərimiz idi. Azərbaycan Tibb Universitetinin Travmatologiya və Ortopediya kafedrasının müdiri, travmatoloq-ortoped Cəfər Nəsirli müharibənin ilk günlərindən şəfalı əlləri ilə yüzlərlə əsgərin yarasına məlhəm  oldu. O, hələ 1-ci Qarabağ müharibəsi illərindən bəri bu günü gözləyirdi. Əsgər kimi çıxdığı bu yolu həkim olaraq tamamladı. C.Nəsirli 44 gün boyunca tələbələri ilə birgə cəbhənin müxtəlif istiqamətlərində fəaliyyət göstərdi. Həkim bu müddətdə yüzlərlə yaralı əsgərə yardım göstərib, 30-a yaxın hərbiçinin ətraflarını amputasiyadan xilas etdi.

Hafta.az-ın əməkdaşı qəhrəman həkim Cəfər Nəsirli ilə həmsöhbət oldu. Həmin günlərə birgə qayıtdıq, yaşananlara isə soyuqqanlılıqla təkrar nəzər saldıq. Sözügedən müsahibəni sizlərə təqdim edirik:

– Cəfər bəy, müharibədən 3 aydan çox vaxt keçib. Geriyə baxdıqda, o günləri nə cür qiymətləndirərdiniz?

– Müharibənin üzərindən aylar keçsə də, bizim savaşımız davam etməkdədir. Həmin dövrdə xəsarət almış əsgərlərimiz hələ də müalicə olunurlar. Biz də onların sağlamlığına qovuşması üçün əlimizdən gələni edir və edəcəyik. Hələ də xəstəxanamızda qazilər yatır. Onlara bir çox rekonstruktiv əməliyyatlar etməklə prosesi davam etdiririk.

– Cəbhəyə nə vaxt yollandınız, bu qərarı verməyə sizi  nə vadar etdi və haralarda xidmət göstərdiniz?

– Müharibə başlayan ilk gün mən cəbhəyə yollandım. Belə bir məqam var ki, travmatoloqun ilk müdaxiləsi çox önəmlidir. Bu həm xəstənin həyatını qurtarır, həm də  yaralanmış, qopmuş ətrafları bərpa etmək üçün olduqca vacibdir. Hər bir azərbaycanlı kimi mən də Böyük Vətən Müharibəsində verilən şansı dəyərləndirdim. Müharibənin birinci günü ön cəbhəyə yollandım. Orada ilk olaraq Naftalanda, ardınca Tərtər və Gəncə hospitalında xəstələri qəbul etməyə başladıq. Elə ilk yüzlərlə yaralıya tibbi xidmət göstərib, onların əməliyyatını həyata keçirdik.  Bəzən elə olurdu ki, günlərlə əməliyyatxanadan çıxmırdıq. Müharibəboyu  yaralı əsgərlərə düzgün müdaxilə edib, ilk növbədə, onları həyatda saxlamaq, zədələnmiş ətraflarının bərpası üçün əlimizdən gələni etdik. Bu bizim üçün Vətən borcudur. Nə xoş mənə ki, belə bir şərəf qismətim oldu. 

– Məlumata görə, 30-a yaxın əsgərin qopmuş ətraflarını xilas etmisiniz. Bəs, ümumilikdə, təxminən, nə qədər yaralıya yardım göstərdiniz?

– Müharibənin ilk günlərində qəbul etdiyimiz xəstələrin sayını-hesabını bilmirəm. Yüzlərlə yaralıya dayanmadan yardım göstərirdik. Bir əsgərə müdaxilə edirdik, ardınca digəri gəlirdi. Bəlkə də günə 50-70 xəstə qəbul etmişik. Həmin yaralıları ilkin olaraq müayinə edib, ardınca əməliyyatxanaya alırdıq. Burada biz vaxtla yarışırdıq. Zamanında müdaxilə edilərsə, ətrafları bərpa etmək olur.

– Ön xətdə ən uzunsürən əməliyyatınız neçə saat oldu?

– Bizim tamamilə qopmuş əl-qol əməliyyatlarımız, ən azı, 7-8 saat çəkir. Bu, çox uzun bir prosesdir. Əməliyyatda mikroskopla işləyirsən, sinir damarlarını bərpa etmək lazımdır.

Müharibədə qazandığımız təcrübələri hər zaman tələbələrimizə aşılayacağıq

 

– Peşmançılıq yaşadığınız an oldumu? “Bu yaralını da amputasiyadan xilas edə bilərdim” dediyiniz məqam varmı?

– Əsgərlərlə yaşadığım hər an önəmli idi. İlk gün çatdıra bilmirdim bəzən... Birini bitirib, birbaşa digərinə keçirdim, hər bir yaralıya yardım etmək istəyirdim. Təbii ki, burada tək deyildim, komanda şəklində çalışırdıq. Mənimlə birgə ümumi cərrah, damar cərrahı, plastik cərrah  da var idi.

– Həmin vaxt xəstəniz olan qazilərlə indi əlaqəniz varmı? Səhhətləri nə yerdədir?

– Əlbəttə, hamısı ilə əlaqəmiz var. Orada ilk əməliyyat etdiyim xəstələr bu gün universitetdə mənim şöbəmdə müalicələrini davam etdirirlər. Bəzilərinə təkrar əməliyyatlar gərəkdir, digərlərinə isə bərpaedici-rekonstruktiv əməliyyatlar. Bu əməliyyatları davamlı  həyata keçiririk. Müharibə vaxtı yaşanan maraqlı hadisəni də diqqətinizə çatdırmaq istərdim. Bir əsgərin ayağını əməliyyatla xilas etmişdim. Özü də Gəncə bölgəsindən idi.  Daha sonra o mənə sovqat gətirdi. Sovqatın içində həyətdə becərilən göyərtilər, təndir çörəyi, evdə hazırlanan pendir var idi. Bu pay mənim üçün o qədər dəyərli idi ki, bəlkə əvəzində kilolarla qızıl gətirsəydilər, o qədər qiymətli olmazdı. Demək istədiyim odur ki, istər əsgər olsun, istər həkim, istərsə də sadə vətəndaş, Vətən müharibəsi bizləri dərin bağlarla birləşdirdi. Hərdən hospitalın önünə çıxırdım və inanın ki, ayaqüstə dayana bilməyən insan yaxınlaşırdı ki, “Mən qan vermək istəyirəm”. Bu, çox qürurvericidir. Heç zaman unudulmayacaq hadisələrdir.

– Sizin üçün müharibənin və 44 günün simvoluna çevrilən hadisə, yəqin ki, çox olub. “Heç vaxt unuda bilmərəm”, – dediyiniz bir an olubmu?

– 18-19 yaşlı, çox məsum, yaralı bir gənc var idi. Onun qolu tamamilə qopmuşdu. Şokda idi, qolunun bərpa oluna biləcəyinə ümidini itirmişdi. Biz onu əməliyyata aldıq. Təxminən, 7 saat çəkən cərrahi prosedurdan sonra, yaralının qolu tam bərpa edildi. Əsgər oyananda, ilk sözümüz o oldu ki, barmaqlarını oynat. Əsgər barmaqlarını tərpədən zaman üzündəki sevinci sözlə ifadə etmək mümkün deyildi. O anları, ancaq yaşamaq lazımdır.

– Sizinlə birgə cəbhə xəttinə tələbələrinizdən də gedən olmuşdu?

– Bəli, tələbələrim ön xətdə yanımda idilər. Çox sarsıdıcı bir məqamı da qeyd edim. Onlardan 2-si müharibədə şəhid oldu...

Əsgər barmaqlarını tərpədən zaman üzündəki sevinci sözlə ifadə etmək mümkün deyildi

– Ekstremal vəziyyətlərdə dayanmadan yaralılara müdaxilə etmək, bir sözlə desək, elə müharibə özü siz həkimlər üçün yeni bir təcrübə oldu. Həmin təcrübələri tədris edəcəksiniz?

– Bəli, təbii ki. Bu, tamamilə fərqli bir şeydir, planlı gələn xəstə isə ayrı. Həmin xəstəyə hansı müalicə metodunu tətbiq etməyi əvvəlcədən düşünüb, qərar verirsən. Orada isə yaralının həyatını xilas etmək üçün qərar qəbul etməyə saniyələr lazımdır. Düzgün və zamanında qərar vermək çox önəmlidir. Bu bizim həkimlərimiz üçün də böyük təcrübə idi. Müharibədə qazandığımız təcrübələri hər zaman tələbələrimizə aşılayacağıq.

– Cəbhədən nə zaman qayıtdınız?

– Müharibə bitdikdən sonra. Hazırda işlədiyim universitetdə qazilərimizin müalicəsi ilə məşğul oluruq.